Quran ayələrini sayı haqqında müxtəlif məlumatlara rast gəlirik. Bunun səbəbi nədir?
Əvvəla, onu bildiririk ki, müsəlman alimlərin yekdil rəyinə görə Quran hər cür təhrifdən və dəyişiklikdən uzaq halda günümüzə gəlib-çatıb. Əlimizdə olan Quran Həzrət Mühəmməd Peyğəmbərə (s) nazil olmuş Quranın eynidir. Yalnız ayələrin yerləşmə ardıcıllığında fərq ola bilər, heç bir hərf və ya nöqtə fərqi yoxdur. Quran müsəlmanların bütün əqidə, əxlaq və şəriət hökmlərinin qaynaqlandığı bir nömrəli mənbədir. Əgər Quranın təhrif olunduğunu qəbul etsək, İslamın heç bir hökmünün düzgünlüyünə yəqinliyimiz qalmaz.
İkincisi, Quran ayələrnini sayı barədə fərqli məlumatların səbəbi aydındır. Bu fərqlilik ayələrin hesablanma və bölünmə qaydalarından doğur. Məsələn, bəziləri surələrin əvvəlindəki “Bismillahir-Rəhmanir-Rəhim” ayələrini hesablayır, bəziləri isə ayələrin ümumi sayına aid etmirlər. Bəzi alimlər başqalarının iki ardıcıl ayə saydığı cümlələri birləşdirib bir ayə kimi hesablayırlar. Bəziləri isə, əksinə, uzun ayələri bölüb iki fərqli ayə kimi sayırlar.