Namazın üçüncü və dörüncü rükətlərinin birində surə, birində təsbihati-ərbəə oxumaq olarmı?
Namazın birinci və ikinci rükətlərində Fatihə və daha bir surə oxunur. Fatihədən sonra istənilən surəni oxumaq caizdir. Birinci rükətdə Qədr, ikincidə İxlas surəsi oxumaq müstəhəbdir. Gün ərzində qılınan namazlarda ən azı bir dəfə İxlas surəsi oxunmalıdır. İxlas surəsindən başqa bir surəni eyni namazın həm birinci, həm də ikinci rükətində oxumaq məkruhdur; yaxşı olar ki, fərqli surələr oxunsun. Bu məkruhluq İxlas surəsinə aid deyil.
Üçüncü və dördüncü rükətlərdə ya tək Fatihə surəsini, ya da təsbihati-ərbəəni oxumaq olar. Təsbihati-ərbəəni bir dəfə oxumağı müasir müctəhidlərin demək olar ki hamısı caiz bilirlər. Bunların hansı birini oxumaq insanın özündən asılıdır. Üçüncü və dördüncü rükətlərin birində Fatihə, o birində təsbihati-ərbəə oxumaq da olar. Bununla belə, hər ikisində təsbihati-ərbəə oxumağın savabı daha çoxdur.