"Bizim məscid yeganə yer idi ki, burda Azərbaycanda radikallığa qarşı maarifləndirmə işi aparılırdı. Bu isə ölkədəki radikallara sərf etmirdi, onların təbliğatının qarşısı alınırdı. Qumbaranın atılmasının ən böyük səbəblərindən biri də elə bu idi". Bunu "Əbu-Bəkr məscidi" kimi tanınan "Cümə" məscidinin imamı Qamət Süleymanov "Azadlıq" radiosunun "İslam və demokratiya" verilişinə müsahibəsində deyib.
"Biz hələ gözləyirik ki, məscid açılacaq. Çünki biz tərəfdən heç vaxt problem olmayıb. Məscidin olmasının həm dövlətə, həm də insanların özünə çox böyük xidməti vardı. Bəlkə də hələ çox insan bunu başa düşməyib. Gözləyirik və məscidin açılması üçün qanun çərçivəsində olan hər bir işi görürük".
"Əbu Bəkr məscidi"ndə avqustun 17-də baş vermiş partlayışla bağlı istintaq fevralın 23-də başa çatıb. İstintaqın fikrincə, partlayışı radikal "Meşə qardaşları" qruplaşması həyata keçirib. İstintaq başa çatsa da, şübhəlilər həbs olunsa da, məscidin qapıları ibadət üçün açılmayıb.
Süleymanov radikal İslamı yaymaqda şübhəli bilinənlərin həbsinin də əleyhinədir:
"Radikalların çoxu gənc uşaqlardır. Onları tutmaq da məsələnin həlli deyil. Çünki onlar zindanda daha da pisləşirlər, orda öz fikirlərini yayırlar. Axı radikallıq yolunu tutmağın səbəblərindən biri də narazılıqdır. Bəziləri elə zindandan radikal olub çıxır".
Qamət Süleymanov deyir ki, məscidi bağlamaqla radikallığın qarşısı alınmır, əksinə bu fakt gənclər arasında mənfi meyllərin daha da artmasına səbəb olur.
"Əbu-Bəkr məscidi"nin imamı hesab edir ki, dövlət maarifləndirmə işinə diqqət yetirməlidir.
"Televiziyalarda millətin mənəviyyatını pozan məsələlərə saatlarla vaxt ayrılır, dini maarifləndirmə isə sıfır vəziyyətdədir. İndi eşidirik ki, məktəblərdə hicabla bağlı problem yaradırlar", deyir Qamət Süleymanov. Onun sözlərinə görə, elə də vacib olmayan bir məsələdən problem yaratmaq lazım deyil.
Süleymanov etiqad zəminində ayrı-seçkilikdən şikayətlənir: "Eyni zamanda, cəmiyyətdə digər dinlərin nümayəndələrinə qarşı münasibət bizə nisbətən daha yaxıdır. Məsələn, Yahova şahidləri, yəhudilər rahatlıqla öz dəvətlərini edirlər, evlərə gedirlər, küçədə kitablar paylayırlar. Amma bunu bizlərdən birimiz etsək, dərhal polis tutub aparar, bizi təhqir edərlər, ola bilər, hətta 10-15 günlüyünə həbs də edərlər. Bu da radikallığın yayılmasına hardasa təsir göstərir. Biz hər kəsi səbirli olmağa çağırırıq. Lakin təminat yoxdur ki, bu cür münasibət qeyri-müsəlmanlara qarşı radikallığa aparıb çıxartmasın".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə bu münasibəti Qamət Süleymanovun şəxsi rəyi hesab edir: "Bu fikri ümumi qənaət kimi qələmə vermək düzgün olmazdı. O ki qaldı məscidin müvəqqəti olaraq bağlı saxlanmasına, məhkəmənin qərarına münasibət bildirmək düzgün olmazdı. İstintaq prosesinin yekunlaşmasına gəlincə, dini komitə hüquq-mühafizə orqanı deyil. Amma biz komitə olaraq bu məsələni həmişə diqqət mərkəzində saxlamışıq".
Süleymanov radikal İslamı yaymaqda şübhəli bilinənlərin həbsinin də əleyhinədir.