Roma Papası 16-cı Benedikt "minlərlə fərqliliklər və dini təmayülləri ilə, qədim mədəniyyəti və inkişaf yolu ilə, həmçinin problemləri, xəstəlikləri ilə birlikdə bütün Afrika qitəsini xəyali olaraq qucaqlamaq" niyyətindədir. Bu barədə Pontifik ənənəvi bazar günü duasından sonra verdiyi moizədə bildirmişdir.
Pontifikin Qərbi Afrikaya – Kamerun və Anqolaya səfəri martın 17-də başlayacaq və 23-ə qədər davam edəcək.
Öz kabinetinin pəncərəsindən Vatikanın Müqəddəs Pyotr meydanına toplaşmış ziyarətçilərə müraciət edən Roma Papası elan edib ki, səfər zamanı "katolik inancını möhkəmləndirmək, xristianları saleh əməllərə təşviq etmək, sülh mesajını yaymaq" niyyətindədir.
Papa möminlərdən duaları ilə onu Afrika səfərində müşayiət etmələrini xahiş etmiş və bu səfərini Yusifə və onun yeni doğulmuş Məsihi qorumaq üçün Misirə qaçmasına ithaf etmişdir. Pontifik qeyd etmişdir ki, Kilsə heç bir iqtisadi, sosial və siyasi məqsədlər güdmür və onun səfər edəcəyi ölkələrdə siyası olaylara müdaxilə etmək niyyəti yoxdur.