Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və daha 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kamran Babayev vəkili Mənsum Bayramovdan imtina etdiyini bildirib. Məhkəmə onun xahişini qəbul edib.
Sonra təqsirləndirilən Hacıbala Hüseynova məxsus CD-də yer alan videogörüntülər nümayiş olunub. Görüntülərdə Əfqanıstanda, İraqda müttəfiq hərbi qüvvələrə qarşı aparılan əməliyyatlar, terror aktları nümayiş olunur, "İraqlı Əl-Cüba" adlı məşhur snayper atıcısının ABŞ hərbçilərini öldürməsi səhnələri göstərilir. Həmçinin Hacıbala Hüseynovun 2006-2008-ci illərdə Azərbaycanın müxtəlif yerlərində məscidlərdə etdiyi xütbələri də görüntülərdə əksini tapıb. Xütbələrdə H. Hüseynov şəriət qanunlarının vacibliyini, cihadın zəruriliyini bildirib.
Proses aprelin 2-dək təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehrəliyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı "LUKoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar. // APA