Avqustun 22-də Sumqayıt şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt-Abşeron bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilib.
İslam.az-ın tədbirdə iştirak edən müxbiri fürsətdən istifadə edib bir sıra din xadimləri ilə söhbətləşib.
Tədbirdə iştirak edən Sumqayıt şəhəri, Hacı Zeynalabidin Tağıyev qəsəbəsinin Hacıbəyli məscidinin imam-camaatı Sadıqov Talehdən regiondaki dini durumla bağlı fikrini öyrənib:
- Hacı, regionda dini sahədə vəziyyət nə yerdədir və bu cür tədbirlər din-dövlət münasibətlərinə hansı töhfəni verə bilər?
- Qeyd edim ki, əvvəllərlə müqayisədə son bir ildə respublikada din və dövlət münasibətlərində durum artıq qənaətbəxşdir. Bu
sahədə müəyyən addımlar atılır və öz müsbət təsirini də artıq göstərir.
Bu konfransın təşkil edilməsi də bu istiqamətdə atılan böyük bir addımdır. Təşkilatçılar bu sahədə çox məsuliyyətli işi öz öhdələrinə götürüblər və güman edirəm uğurla öhdəsindən gəlirlər. Bu cür tədbirlər din-dövlət arasındakı münasibətlərin tənzimlənməsinə, dindarlarla dövlət arasında etimadın artmasına böyük xidmət edəcək.
Sosial fəaliyyətləri olan dindarlarımızın da bu konfransa ümüdləri çoxdur. Dindar təbəqəmiz dövlətimizin dinə olan bu yeni formatda münasibətini dəstəkləyirlər.
- Ümumiyyətlə din-dövlət münasibətlərinin tənzimlənməsində konkret hansısa təklifləriniz varmı?
- Bəli. Əlbəttə ki, konfransda iştirak edən dindar təbəqənin yəqin ki, bir çoxu təklif və ya arzularla gəlib. Eləcə də mən. Təklifim budur ki, gənclərimizin milli və mənəvi ruhiyyədə yetişdirilməsi üçün məscidlərdə müəyyən tədbirlər icra edilsin, kurslar açılmaısna geniş şərait yaradılsın. Bundan başqa qeyri-ənənəvi, radikal dinlərə və məzhəblərə məxsus ədəbiyyatın yayılmasının qarşısının alınması üçün məscidlərdə xüsusi kitabxanaların yaradılması ən mühüm məsələlərdəndir. Bu kitabxanalarda kitablardan başqa digər müasir təbliğat vasitələri olan kompüter, internet, disklər də dindarlarımızın istifadəsinə verilsin.
Bundan başqa təhsil mərkəzlərində hicab probleminin həll olunması dindarlarımızın dövlətimizdən ən böyük gözləntisidir. Hesab edirik ki, bu tipli problemlərin də aradan götürülməsi ümumən hər hansı sui-istifadə üçün şans da qoymaz. İnsanlar bu konfransın təşkil edilməsini bu cür məsələlərin həll olunması yolunda atılmış ilkin addım kimi hiss edirlər və ümid edirlər ki, bu məsələlər tezliklə həllini tapacaq.
Abşeron rayonu, Ceyranbatan məscidinin imamı Hüseynov Ziyad regionda radikal dini cərəyanların fəallaşması səbəbindən və bu cür radikallarla mübarizədə bəzi uğursuzluqlar səbəbindən regionda vəziyyətin çox da ürəkaçan olmadığını bildirib:
- Regionda ümumilikdə dini sahədə vəziyyət yaxı olsa da, bəzi narahatedici məqamlar var. Əlbəttə Dini komitənin rəhbəri Elşad
müəllimin başçılığı ilə bu kimi tədbirlərin keçirilməsi dövlətimizin bu sahəyə böyük önəm verdiyindən xəbər verir. Bu cür tədbirlər bütün müsəlmanları vəhdətə, birliyə və birgə ibadətə dəvət edir. Lakin İslam dini altında radikal düşüncələri ilə gənclərimizin psixologiyasını pozanlar bizləri narahat etməyə bilməz.
Bu problemlər dünyanın hər bir yerində müşahidə edilir. Konfransın gedişində təklif etdim ki, orta məktəb uşaqlarına və gənclərin maarifləndirilməsi üçün rəsmi dini kursların, mədrəsələrin, dini təlim mərkəzlərinin açılmasına icazə verilsin. Gənclərimizin radikal düşüncəli insanlardan uzaq durmaları üçün dini baxımdan düzgün maarifləndirilməsi, ən azından ilkin dini biliklərin verilməsi lazımdır.
Bu cür məsələlərin həll olunmasında konfransın təşkil edilməsi Azərbaycan üçün çox zəruridir və bunda da Elşad müəllimin rolu böyükdür. DQİDK sədrinin bu məsələlərin həllində daha irəli addımlar atacağına və daha yaxşı işlər görəcəyinə inanırıq.