Bu günlərdə Myanmada arakanlı müsəlmanlar buddistlərin zülmündən bezərək “cihad” elan ediblər və buişdə bütün müsəlanlardan dəstək istəyiblər. Məsələ ilə bağlı islam.az politoloq Zərdüşt Əlizadənin və ilahiyyatçı, Gileyli məscidinin imam-cüməsi Mirhəmid Məmmədovun fikirlərini öyrənmək qərarına gəldi. Z.Əlizadə "Bu məsələyə geosiyasi cəhətdən necə qiymət verərdiniz?" sualını belə cavablandırdı:
- Əhəmiyyətsiz bir addım kimi baxıram. Düzdür, indiyə qədər onlar xeyli itki veriblər, qırılırlar, əzilirlər. Bilirsiniz ki, əksəriyyəti Banqladeş əsillidir. Mayanmadakı müsəlmanların çoxu Banqladeşdə işsizlikdən, kasıbçılıqdan, ictimai və sosial problemlərdən bezib qaçanlardır. Son zamanlar bir tərəfdən hökumət qüvvələri, digər tərəfədən isə radikallar onları qırırlar. Bu proses təxminən bir ildən də çoxdur ki, davam edir. Bu müddət ərzində nə müsəlman dünyası, nə də beynalxalq təşkilatlar bu məsələyə ciddi reaksiya verməyib. Baxmayaraq ki, həmişə fəryad çəkiblər, çağırışlar ediblər, internetdə zülm şəkilləri yayılır, müxtəlif təşkilatlara müraciətlər edilir, amma bunun heç bir təsiri olmayıb. Dünya bu cür ciddi hallara biganə qalandan sonra, sizcə adi cihada bütün dünya ciddi bir reaksiya verərmi?! Axı onlar kimdirləri ki, onların fətvasına, çağırışına, cihad elanına kimsə reaksiya versin?! Heç kim reaksiya verməyəcək. Təəssüf ki, dünya biganəlik dünyasıdır.
- Bəs sizcə Suriyaya “cihad” adı ilə gedib orada döyüşən sələfi-vəhhabilər, xüsusən də azərbaycanlı radikallar arakanlıların bu çağırışına müsbət cavab verəcəklərmi?
- Xeyir, fikrimcə, belə bir şey mümkün deyil. Onların bu çağırışları Azərbaycan müxalifətinin xalqa etdiyi yalançı çağırışlara bənzəyir. Onları heç kim dinləməyəcək. Azərbaycan radikallarının bu məsələyə heç bir münasibət bildirməyəcəyini düşünürəm. Hamının öz problemi var. Hamı öz problemlərinin həlli ilə məşğuldur.
İlahiyyatçı M.Məmmədovun mövqeyi isə belə oldu:
- Nahaqq qanların tökülməsinə beynalxalq aləm reaksiya verməlidir və bu zülmün qarşısı alınmalıdır. Bu kimi dini qarşıdurmalara beynalxalq aləm səssiz qalmamalıdır. Çünki dünyanın bir çox yerlərində müxtəlif dinlərin nümayəndələri birgə mehriban yaşayırlar. Bir regionda yaşanan dini problemlər sonralar başqa regionlarda da bənzər hadisələrin baş verməsinə səbəb ola bilər.
- Bir müsəlman kimi bizim bu cihad fətvası qarşısında vəzifəmiz nədir? Myanmadakı müsəlmanlara malımızlamı ya pullamı kömək etməliyik ya bizlərdəmi getməliyik cihada?
- Bizim inancımıza görə, cihad elan etmək məsum şəxslərin, Peyğəmbərin (s) və İmamların (ə) hüququdur və verildiyi təqdirdə də hər bir müsəlman öz canı, qanı və malı bahasına iştirak etməlidir. Bundan başqa isə hər bir müsəlmanın öz malını, canını, ailəsini və namusunu istər müsəlmandan, istərsə də qeyri-müsəlmandan qoruma haqqı var. Bu halda isə cihad elan edilməsinə ehtiyac yoxdur. Hər bir müsəlman öz hüquqlarını və yaşama haqqını qorumaq üçün özünü müdafiə etməyə məcburdur və bunun üçün də fətvaya ehtiyac duyulmur.
- Suriyda “cihad” fətvası verildikdən sonra Azərbaycandan radikal sələfi-vəhabilərin Suriyaya getmələrinin şahidi olduq. Sizcə, bu radikal sələfi-vəhhabilər Miyanmada elan edilən cihada da müsbət yanaşıb, arakanlılara kömək edəcəklərmi?
- İnternetdə, televiziyalarda, xəbərlərdə gördüyümüz Suriyaya gedən azərbaycanlı “müsəlman”lar və onların düşüncəsində olanlar, yalnız müsəlman qanı tökən “müsəlmanlar”dır. Əfqanıstanda və ya digər ərəb ölkələrində döyüşənlər, yalnız müsəlman ordularına qarşı silah qaldırır, yalnız dinc müsəlmanlara qarşı terror hadisələri törədir və yalnız müsəlman ibadət etdiyi yerləri partladırlar. Onların qeyri-müsəlmanlarla vuruşmağa nə iddiaları, nə də gücləri var.
Bundan başqa, bizim dövlətimizin qanunlarına görə, digər dövlətlərdə döyüşmək cinayət hesab edilir. Vətəndaşlarımız da bu qanuna həm əqli, həm də şəri cəhətdən əməl etmək məcburiyyətindədirlər.
Bir şeyi də qeyd etmək istəyirəm. Qoy bu kimi məsələlərlə özünü İslam dünyasının mərkəzi kimi elan edən, özünü müsəlmanların hamisi kimi göstərən dövlətlər beynalxalq səviyyədə və hüquqi normalar çərçivəsində məşğul olsunlar. Beş-on nəfərin bu ölkələrə gedərək vuruşması heç nəyi həll etməz və bunun tərəfdarı da deyiləm.