Namazın oturuşunda ayaqlarımızı necə qoymalıyıq?
Gündəlik namazların ikinci və sonuncu rükətlərində qoşa səcdədən sonra oturuş vacibdir. Bu oturuş zamanı təşəhhüd və salamlar deyilir. Oturuş zamanı diz üstə çökmək, sol ayağın pəncəsini sağ ayağın altına qoymaq savabdır. Belə ki, bu zaman sağ ayağın üzü sol ayağın altına bitişir və adam sağ ayağının pəncəsi üzərinə oturmuş olur. Dini mətnlərdə bunun səbəbini belə izah edirlər: İnsan bədənində sağ tərəf sol tərəfdən daha üstün sayılır. Pak işlər sağ tərəflə, çirkin işlər sol tərəflə edilir. Məsələn, dəstəmazda sifəti sağ əllə yuyuruq, amma ayaqyolunda özümüzü sol əlimizlə pak edirik. Üzüyü sağ əlimizin barmağına taxırıq. Məscidə sağ ayaqla girib sol ayaqla çıxmaq savabdır. Əksinə, ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq müstəhəbdir. Namazın oturuşunda sağ ayağımızı sol ayağımızın üzərinə qoyanda sanki rəmzi olaraq haqqı batilin üzərinə qaldırmış oluruq.