Vacibi-eyni və vacibi-kifayi nə deməkdir?
Dini vacibatlar iki qismə ayrılır: vacibi-eyni və vacibi-kifayi. Vacibi-eyni elə əmələ deyilir ki, hər kəsə vacibdir və hər kəs öz əvəzinə bu işi görməlidir. Vacibi-eynini başqa adamın əvəzinə etmək olmaz. Məsələn, gündəlik namazları qılmaq, Ramazan orucunu tutmaq vacibi-eynidir. Kim bunu etməsə günahkardır və qiyamətdə cavab verəcək. Amma vacibi-kifayi elə əmələ deyilir ki, onu etmək bütün müsəlmanların boynunda vacibdir. Nə qədər ki, bu işi müsəlmanlardan heç biri etməyib, hamı bunda cavabdehdir. Amma bir nəfər bu işi etsə, məsuliyyət başqalarının boynundan götürülər. Məsələn, müsəlman cənazəsini qüslləyib kəfənə bükmək, cənazə namazıı qılıb dəfn etmək vacibi-kifayidir. Bunu bir nəfər öhdəsinə götürüb etsə, qalan adamlar yükdən azad olarlar.