Evdə ailə üzvləri ilə birlikdə camaat namazı qılmaq olarmı?
Evdə ailə üzvləri ilə birlikdə camaat namazı qılmaq olar. Amma bu zaman imam-camaatı düzgün seçmək lazımdır. Qiraəti daha düzgün olan, yəni namazın sözlərini daha düzgün deyə bilən ailə üzvü namaza başçılıq etməlidir. Yaşın əhəmiyyəti yoxdur. Yetkinlik yaşına çatmış oğul da, əgər qiraəti daha düzgündürsə, ataya imamlıq edə bilər. Evdə camaat namazı qılarkən qadınlar da iştirak edə bilərlər. Amma qadınlarla kişilər bir yerdə namaz qılanda imam-camaat kişi olmalıdır. Qadınlar camaat namazında kişilərdən bir az arxada durmalıdırlar. Belə ki, qadının səcdə yeri kişinin dizlərini qoyduğu yerdən irəli olmamalıdır. Burada qadınla kişinin məhrəm olub-olmaması rol oynamır.