Fitrə zəkatını yalnız oruc tutanlar verməlidir yoxsa oruc tutmayanlar da?
Fitrə zəkatı Ramazan ayının başa çatması münasibətilə ödənilən vacib zəkatdır. Bu zəkat, onu ödəməyə maddi imkanı çatan hər kəsə vacibdir; hətta üzrsüz səbəbə görə oruc tutmayan şəxsə də. Hənəfi məzhəbinə görə, bir şəxsin özünün və ailəsinin ehtiyacından artıq qalan əmlakı nisab həddinə çatsa, öhdəsinə fitrə zəkatı düşür. Amma adi zəkatdan fərqli olaraq, malının nisab həddində bir il qalması şərt deyil, Fitr bayramı ərəfəsində malı nisab həddinə çatsa, fitrə zəkatını ödəməlidir. Cəfəri məzhəbinə görə, insan özü fəqir (yəni başqasına möhtac) deyilsə, fitrə zəkatını verməlidir. Qalan məzhəblərə görə, bir şəxsin özünün və ailəsinin ehtiyac duyduğu zəruri əmlakdan savayı, bayramı qeyd edəcək qədər pulu və ya malı varsa, fitrə zəkatını ödəməlidir.
Ev sahibi özü üçün və dolanışiğı onun öhdəsində olan şəxslər üçün (yaşından asılı olmayaraq) fitrə zəkatı ayırıb ödəməlidir. Hətta südəmər körpənin də fitrə zəkatı verilməlidir. Cəfəri məzhəbınə görə, Ramazanın sonuncu günündə, iftar vaxtı gəlmiş qonağın fitrə zəkatı da ev sahıbinin boynundadır.