Bir qəbirdə iki cənazəni dəfn etmək olarmı?
İslam şəriəti baxımından, bir qəbirin içində iki və daha çox cənazəni dəfn etməyə icazə verilir. Adətən, bunu eyni gündə və eyni hadisə zamanı dünyasını dəyişmiş adamlarla bağlı edirlər. Və adətən, yaxın qohumları və ya dostları eyni məzara qoyurlar. İslam tarixində bu cür hadisələr olub. Məsələn, Həzrət Mühəmməd Peyğəmbər (s) Ühüd savaşında şəhid olanların bir qismini iki-iki və ya üç-üç olmaqla eyni qəbirdə dəfn edib. Həzrət Həmzə ilə bacısı oğlu Abdullah ibn Cəhş eyni məzarda dəfn ediliblər. Həmçinin, Ühüd şəhidlərindən Əmr ibn Cəmuh və Abdullah ibn Əmr (məşhur səhabə Cabir ibn Abdullahın atası) bir məzarda dəfn edildilər.
Qeyd edək ki, aşura şəhidlərinin də əksəriyyəti ümumi məzarlıqda dəfn olunmuşlar. Belə ki, rəvayətə görə, Əhli-beyt şəhidlərini (17 nəfər və ya daha çox olublar) İmam Hüseynin (ə) ayaq tərəfində bir məzarda, qalan şəhidləri isə bir qədər kənarda ümumi qəbirdə basdırıblar.