ABŞ dövlət katibi Hillari Klinton Asiya turnesi zamanı ABŞ-ın ekstremistlərə qarşı mübarizədə müsəlmanlarla birliyə çalışacağına söz verib. "The Washington Post" qəzetinin məlumatına görə, bu barədə o, İndoneziyaya səfəri zamanı bildirib.
Dövlət katibi qeyd edib ki, Barak Obama administrasiyası ABŞ-ın İslam dünyasında imicinin müsbətə doğru dəyişməsi üçün razılaşdırılmış səy göstərəcək. Klinton radikal islamçıların terror aktlarından sonra Amerikada müsəlmanlara münasibətin kəskin dəyişməsi ilə bağlı suala da toxunub. Bu zaman o, dini terror fəaliyyətindən ayırmağa çalışıb: "Mən xristianam. Bir çox əsrlər ərzində bir çox insanlar xristianlığın adından istifadə edərək dəhşətli işlər görüblər. Amma onlar dinin özünü eybəcər hala salıblar".