Prezident İlham Əliyev: "Azərbaycan İslam həmrəyliyinin daha da möhkəmlənməsi üçün səylərini davam etdirəcək"
"Bakının 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi böyük tarixi hadisə, Azərbaycan üçün şərəfdir". Bu sözləri bu gün Heydər Əliyev Sarayında "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" Mədəniyyət İlinin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı açılış mərasiminin və bundan sonrakı tədbirlərin uğurla keçəcəyinə və İslam mədəniyyətinin daha da yaxınlaşmasında müsbət rol oynayacağına əminliyini ifadə edib: "Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi İslam Konfransı Təşkilatı mədəniyyət nazirlərinin toplantısında baş verib. Bu işdə həm İslam Konfransı Təşkilatının, həm də İSESCO-nun böyük rolu oldu. İSESCO-nun xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər həyata keçirilir. Azərbaycan və İSESCO arasında əlaqələr yeni və yüksək pilləyə qalxıb. Azərbaycan gənc ölkədir. Biz müstəqilliyimizi cəmi 17 ildir, yaşayırıq. Buna görə də var gücümüzlə çalışırıq ki, İslam ölkələrinin birliyi və həmrəyliyi üçün öz töhfəmizi verək. Bu məqsədlə Azərbaycanda çoxsaylı tədbirlər keçirilir".
Azərbaycanın İslam Konfransı Təşkilatında da çox fəal rol oynadığını qeyd edən dövlət başçısı İslam aləminin daha da yaxınlaşmasına böyük ehtiyac olduğunu söyləyib: "Biz bir-birimizi dəstəkləməli, həm iqtisadi, həm siyasi sahədə daha da sıx əməkdaşlıq etməliyik. Biz öz iqtisadi potensialımızı bir-birimizin xidmətinə təklif etməliyik. Daha çox İslam ölkələri arasında qarşılıqlı ticarət aparılmalıdır. Xüsusən siyasi müstəvidə, BMT-də İslam ölkələrinin həmrəyliyi və birliyi çox böyük əhəmiyyət daşıyır. Bizim bəzi hallarda birgə təşəbbüslərimiz uğurlu olub. Bu təşəbbüslər bir məqsəd daşıyıb: dünyada təhlükəsizlik, əmin-amanlıq təmin edilsin, müharibələr olmasın, sivilizasiyalararası dialoq daha da möhkəmlənsin. Sivilizasiyalararası dialoq haqqında çox danışılır, amma bununla bağlı daha çox iş görmək lazımdır. Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır. Biz öz tərəfimizdən bundan sonra da İslam həmrəyliyinin daha da möhkəmlənməsi üçün səylərimizi davam etdirəcəyik. İslam qardaşlıq və tolerantlıq dinidir. Bizim müqəddəs dinimiz dünyaya olduğu kimi təqdim edilməlidir. İslam dünyası çox zəngin tarixi irsə, mədəniyyətə malikdir. Bu mədəniyyət də dünya birliyinə olduğu kimi təqdim olunmalıdır".
Azərbaycanın qədim tarixə və mədəniyyətə malik ölkə olduğunu deyən prezident İ. Əliyev tarixi abidələrimizi bunun əyani sübutu adlandırıb: "Biz möhkəm əsaslar üzərində müasir dövlət qururuq. Böyük qürur hissi deyə bilərəm ki, bu gün Azərbaycan tam müstəqil bir ölkədir. Bizim bütün imkanlarımız Azərbaycanın bölgədəki rolunun artması, dünyadakı mövqelərinin güclənməsi, ölkəmizin etibarlı tərəfdaş olması üçün səfərbər olunub. Azərbaycan hazırda dünyada etibarlı tərəfdaş kimi tanınır. Bizim atdığımız bütün addımlar dostluğa, əməkdaşlığa yönəlib. Azərbaycan son beş il ərzində dünyada analoqu olmayan templə inkişaf edib. Son beş il ərzində bizim iqtisadiyyatımız dünyada ən sürətlə artan iqtisadiyyat olub. Azərbaycanın gələcəyinə çox böyük ümidlərlə baxırıq".
Açılış mərasimində çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri də tədbirin əhəmiyyətindən danışıb, belə bir tədbirin Azərbaycanda keçirilməsinin böyük hadisə olduğunu vurğulayıb. Daha sonra o, "Bakı-İslam Mədəniyyətinin Paytaxtı" Mədəniyyət İlinin emblemini Azərbaycan prezidentinə təqdim edib. Açılış tədbiri xüsusi hazırlanmış konsert proqramı ilə davam etdirilib.