Bu gün Heydər Əliyev Sarayında "Bakı - İslam Mədəniyyətinin paytaxtı -2009" mədəniyyət ilinin təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, İSESKO və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyciri, Avropa və İslam dövlətlərinin mədəniyyət nazirləri, şəhər merləri iştirak ediblər.
Mərasimdə çıxış edən prezident İlham Əliyev Azərbaycanın yüksək templə inkişaf etdiyini bildirib, görülən işlərin arasında Bakının İslam Mədəniyyəti paytaxtı ili elan edilməsini böyük hadisə kimi qiymətləndirib. Ölkə başçısı islamın tolerantlıq, qardaşlıq və azadlıq dini olduğunu xüsusi vurğulayıb: "Azərbaycan İslam Konfransı Təşkilatında da çox fəal rol oynayıb. Biz İslam aləminin daha da bir-birinin yaxın olmasına çalışırıq. Buna böyük ehtiyac var. Bir-birimizi dəstəkləməliyik və həm iqtisadi, həm siyasi sahədə daha da sıx əməkdaşlıq etməliyik. İslam ölkələri arasında qarşılıqlı ticarət aparılmalıdır".
İSESKO-nun baş direktoru yüksək qonaqpərvərliyə görə ölkə başçısına və onun xanımına təşəkkürünü çatdırıb. O, İslamın heç də cari problemləri həll etmədiyini, əksinə mədəniyyətlərarası sivilizasiyanı möhkəmləndirməyə xidmət etdiyini vurğulayıb.
İSESKO-nun baş katibi Mannan isə Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə İSESKO-nun 40-cı ildönümünün üst-üstə düşdüyünü açıqlayıb.
Rəsmi hissədən sonra tədbir bədii hissəyə keçid alıb. Tədbir iştirakçılarına Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Soltan Hacıbəyov, Vasif Adıgözəlovun əsərlərindən ibarət kompozisiyalar təqdim edilib.