Fevralın 18-i Heydər Əliyev adına Sarayda "Bakı – İslam Mədəniyyətinin Paytaxtı - 2009" Mədəniyyət İlinin təntənəli açılış mərasimi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovun verdiyi məlumata görə, həmin gün saat 16.00-da Muzey Mərkəzində "Bakı şəhəri" adlı foto və rəsm sərgilərinin açılışı, "Bakı – İslam Mədəniyyətinin Paytaxtı - 2009" İnternet saytının, Azərbaycana həsr olunmuş 2 sənədli filmin təqdimatı olacaq.
Fevralın 18-i saat 19.00-21.00-da isə N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin qarşısında və A.Şaiq adına Dövlət Kukla Teatrının yaxınlığında açıq havada Azərbaycanın məşhur incəsənət ustalarının iştirakı ilə konsert proqramı keçiriləcək. Konsert təxminən 2 saat davam edəcək. Daha sonra atəşfəşanlıq olacaq. /ANS PRESS/