İslam.az-ın bugünkü müsahibi Xaçmaz rayonundakı “Təzə məscid”in imamı Zaur Məmmədovdur.
- Xaricidə təhsil alan tələbələr və onların cəmiyyətimizdəki müsbət və mənfi təsirləri haqqında nə deyə bilərsiniz?
- Mən də xaricdə təhsil almış bir insanam. Bizim ailəmiz millətinə, vətəninə bağlı bir ailə olub. Hətta Sovetlər birliyi zamanında bizim evdə müstəqilliyimizin bayrağına aid rəsmlər olub və bizə ailəmiz tərəfindən müstəqilliyimiz və bayrağımız haqda məlumatlar verilib. Buna görə biz təsirlərə və təqiblərə məruz qalmışıq. Bizim ailədə millət, vətən, dövlət sevgisi ilə yanaşı din sevgisi də öyrədilib. Biz ailəmizi, vətənimizi Allah rizası üçün sevirik, çünki bunlar Allahın bizə verdiyi ən böyük nemətdir. Bu düşüncədə olan insanlarıq, İranda təhsil almağımız dinimizi daha dərindən öyrənməyimizə kömək edib. Rus rejimi bizim dinimizi məhv etmək üçün təhriflərlə əl atıb. Bizim böyük dahilərimizin - Babək, Şah İsmayıl Xətai, Füzuli, Nəsimi və digər bir çox şəxsiyyətlərimizin düşüncələrini təhrif edərək, bu xalqa sosialist və kommunist düşüncələri yeritməyə çalışıb. Biz də bu məsələləri aydınlaşdırmaq naminə, xalqımızın qədim dəyərlərini xalqımıza çatdırmaq naminə dinimizi daha dərindən öyrənməliyik. Bu məqsədlə təhsil almaq üçün İrana gedərək orada təhsil aldım. Hazırda da xalqımıza xidmət edirik. Digər xarici ölkələrdə oxuyan tələbələrimiz də var, yəqin ki, onların da özünəxas fikirləri var, amma biz geri döndükdən sonra dərdimizi heç kimə izah edə bilmədik. Cəmiyyət bizi qəbul etmədi. Çünki cəmiyyətimiz xarici ölkədə təhsil alan tələbəni o ölkənin adamı kimi tanıyır. Onların milli fikirlərini təbliğ edən biri kimi qəbul edir. Amma qeyd etmək istəyirəm ki, bu heç də belə deyil. Biz öz ölkəmizi, milli mentalitetimizi, milli dəyərlərimizi və milli kimliyimizi yaxşı bilirik. Biz İranda oxuyan vaxt Qarabağda ağır döyüşlər gedirdi. Mən o zaman əsgərlik yaşında deyildim. Biz orada Xarici İşlər Nazirliyinə qədər gedərək Azərbaycan xalqının yanında olmasını tələb etdik. Böyük təsirlərimiz olub. Demək olar ki, hər həftə Qum şəhərində etiraz aksiyalarımız olurdu. Biz sadəcə azərbaycanlı tələbələri deyil, 100-dən çox ölkənin tələbəsini toplayaraq onlara Azərbaycan bayrağını paylayır və mitinqlər təşkil edirdik. Həm islami, həm də qeyri-islami ölkələrdən olan bu tələbələr “Qarabağ! Qarabağ!” deyərək nümayişlər keçirirdilər. Biz ölkəmizə və millətimizə həmişə böyük dəyər vermişik. Bu anları o zaman İranda təhsil alan tələbələrin hər biri yaşayıb. Bu gün şəxsi mənafeyi üçün çalışan bəzi insanları görüb, onun fəaliyyəti ilə digər tələbələrin fəaliyyətini ümumiləşdirmək düzgün deyil. Çünki İranda təhsil alan tələbələrin əksəriyyəti xalqına, millətinə, adət-ənənəlirinə bağlı insanlardırlar. Onlar bu gün də dövlətinə və millətinə sadiqdirlər və bu yolda da həmişə öz sədaqətlərini sübut ediblər. Bu gün xarici ölkələrə tələbə göndərilməsi və ya xaricdə tələbə hazırlamaq məsələsi rəsmi dövlət səviyyəsində olmadığı üçün bu kimi mənfi fikirlər cəmiyyətdə formalaşır. Ona görə də biz belə bir proqramın hazırlanmasını tələb edirik. Biz xüsusi xidmət orqanlarımıza səmimiyyətimizi sübut edənə qədər çox əziyyət çəkmişik, çox şeylərdən məhrum olmuşuq. Eyni zamanda da millətimiz məhrum qaldı, çünki biz öz bildiklərimizi xalqımıza doğru və düzgün çatdıra bilmədik. İmkan verilmədi. Artıq sübut olunub ki, bizim məqsədimiz başqalarını təmsil etmək və ya təqlid etmək deyil. Məqsədimiz yalnız millətimizi dinimizlə tanış etmək və bir çox mənfur insanların vəhdəti pozan, İslama zidd, müsəlmanlar arasında ixtilaf yaradan təriqətlər və sektaların təbliğatını üstələməkdir. Biz bunları zamanında edə bilmədiyimiz üçün xalqımız zərbə aldı.
Xalq Azərbaycanda öz dini ehtiyaclarını ödəyəcək qaynaqları görmədikcə, təhsil almaq üçün xarici ölkələrə gedəcək. Tələbimiz və tövsiyəmiz budur ki, bu məsələni dövlət səviyyəsinə gətirib çıxarmaq lazımdır. Xarici ölkələrdə olan tələbələr dövlət nəzarəti altında təhsil alsınlar və qayıtdıqları zaman da dövlətlərinə hesabat versinlər. Bu həm millət, həm dövlət, həm də tələbələr üçün faydalıdır.
- Yəni xarici ölkələrdə dini təhsilin rəsmiləşdirilməsini tələb edirsiniz?
- Xarici dövlətdə təhsil almaqla əlaqədar dövlətimiz tərəfindən heç bir qadağa yoxdur. Heç kim deyə bilməz ki, “sən niyə xarici ölkəyə təhsil almağa getmisən?”. Konstitusiyamızda dini azadlıq haqqında qanuna görə, hər kəs istədiyi xarici ölkəyə gedərək öz inancı üzrə təhsil ala bilər. Məsələ burasındadır ki, zəhmət çəkib təhsil aldıqdan sonra tələbələrə cəmiyyətdə dövlətin bir nömrəli düşməni kimi yanaşılır. Xalqı onlardan uzaqlaşdırmağa çalışırlar. Tələbələr haqqında “bu Türkiyəni, bu İranı təmsil edir” ifadələri işlədilir.
Nəyə görə mən öz təşəbbüsümlə xarici ölkəyə getməliyəm? İlk növbədə dövlət məni göndərməlidir. Tələbələr dövlət xətti ilə gedib, dövlətin nəzarəti altında təhsil alıb qayıtmalıdırlar. Keçmiş Sovetlər Birliyi zamanında şeyximiz də daxil olmaqla dövlət nəzarəti ilə tələbələr təhsil almaq üçün Buxaraya və Səmərqəndə gediblər. Dövlət nəzarəti ilə gedib və axıra qədər də dövlətin nəzarətində işləyib və çalışıblar, millətinə və dövlətinə xidmət ediblər. Niyə indi belə olmasın? Müstəqillik o demək deyil ki, vətəndaşlar öz bildikləri işləri etməlidirlər. Müstəqillik Azərbaycanın ərazi bütövlüyüdür və sərhədlərinin və atributlarının qorunması və Azərbaycan xalqının istiqlaliyyəti deməkdir.
- Bəs bu xarici ölkələrə gedərək orada radikal düşüncələrlə doldurulmuş tələbələr bölgədə varmı? Onlarla əlaqədar problemlər yaşanırmı?
- Şimal bölgəsi Azərbaycanın ən həssas bölgəsidir. Bölgə məzhəblərlə zəngindir. Biz bunu zənginlik olaraq görürük. Bu bölgə məzhəb zənginliyindən başqa millətlər və dillərlə də zəngindir. Bildiyimə görə, bölgədə 24 dildə danışılır. Onların da özünə görə dünya baxışı və dini görüşü, inancı, əqidəsi və məzhəbi var. Bunlara qarşı tolerant yanaşmaq lazımdır. Bizlər biri-birimizin xeyir və şər məclislərinin daimi iştirakçıları olmuşuq. Bizlər iş yoldaşları, qohum-əqrəba və qonşu olmuşuq. Xaçmaz məscidi bölgədə hörmətlə yad edilən babam Seyyid Hüseyn ağanın təşəbbüsü ilə SSR-nin ən ağır vaxtlarında, 1956-ci ildə inşa edilib. Şiə məscidi olmağına baxmayaraq, inşa edildikdən sonra Seyyid Hüseyn ağa cümə namazlarını sünni qardaşlarımıza bu məsciddə qılmaq üçün dəvət edib. Bu da tolerantlıq və mehribançılığın bir təcəsüsümüdür.
islam.az