Peyğəmbərin hədisində buyurulur ki, “bir saat elm öyrənmək yetmiş (və ya altmış) illik ibadətdən daha üstündür”. Bu hədisi necə başa düşək? Həqiqətənmi elmlə məşğul olan adam namaz qılmasa və oruc tutmasa da olar?
Əvvəla, bir çox alimlərin fikrincə, burada vacib yox, müstəhəb ibadətlər nəzərdə tutulur. Həqiqətən, Peyğəmbərin hədislərindən də məlum olduğu kimi, elm öyrənmək hər bir müsəlman kişi və qadına fərzdir (vacibdir). Elə isə, elm öyrənməyin müstəhəb ibadətdən daha üstün olması heç kimə qəribə görünməməlidir. İkincisi, fərz (vacib) olan ibadətləri heç nə əvəz edə bilməz. Namaz, oruc, zəkat, həcc kimi ibadətlər hər kəsə vacibdir. Bir vacib başqa vacibin yerini tutaraq onu ləğv edə bilməz. Hədislərdə oxuyuruq ki, məsələn, yetimin başını sığallamaq yetmiş həccə bərabərdir. Bu o demək deyil ki, adam bir yetimin başını sığallasa, vacib həcc vəzifəsi onun boynundan götürüləcək. Həm də bu qəbildən olan hədislər bəzi əməllərin nə qədər böyük savaba malik olduğunu göstərmək üçün buyurulub; onları hərfi mənada qəbul etmək doğru deyil.