Azərbaycan prezidenti İlham Əliyev İTAR-TASS-a müsahibə verib
Azərbaycanın dövlət quruluşunun dünyəvi mahiyyəti onun uğurlu inkişafının rəhnidir. Bu barədə İTAR-TASS-a eksklüziv müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib.
"Biz Azərbaycanın dünyəvi dövlət olduğunu çox dəyərləndiririk və mən əminəm ki, uğurumuzun rəhni məhz bundadır. Hər bir ölkə, hər bir xalq özü üçün daha optimal yol seçir. Bizim yolumuz bundan ibarətdir və bu istiqamətdə apardığımız dövlət siyasəti də kifayət qədər qəti, kifayət qədər balanslaşdırılmış və dəqiqdir", - deyə dövlət başçısı qeyd edib.
Bununla yanaşı, Azərbaycan liderinin rəyinə görə, respublikada "dini idarəçilik planında narahatlıq yarada biləcək" amil yoxdur. "İslam – bizim şüurumuzun, tariximizin, ürəyimizin bir hissəsidir. Bu, bizim milli dəyərlərimizin, ənənələrimizin, ailə dəyərlərimizin təməlidir və biz ali dinimizə dərin hörmətlə yanaşırıq. Bununla yanaşı, Azərbaycanda mövcud olan digər dinlər də öz fəaliyyətlərini azad şəkildə həyata keçirir", - deyə prezident əlavə edib.
İlham Əliyev qeyd edib ki, milli adət və ənənələr, həyat tərzi, ümumilikdə isə mentalitet Azərbaycan dövlətçiliyinin dünyəvi əsasları ilə ziddiyyət təşkil etmir. Prezidend hesab edir ki, məhz "bu cür format, bu cür balans" ölkənin uğurlu inkişafında, insanların gələcəyə inamında və onların hakimiyyətə dəstəyində mühüm rol oynayır. "Bütün bunlar bizim kursumuzu möhkəmləndirir, hakimiyyət ilə ictimaiyyət arasında əlaqə olmadıqda isə və ya bu əlaqə davamsızdırsa, o zaman nəzarət etmək də mümkün deyil", - deyə İlham Əliyev bildirib.
Azərbaycan prezidenti ilə müsahibə tam olaraq fevralın 14-də "Rusiya" telekanalında "Formula vlasti" proqramının növbəti buraxılışında yayımlanacaq. // Trend