Oktyabrın 8-də Xuzistan əyalətinin islahatçı gənclərinin iftar mərasiminə qatılan "İslami İranın Müşarikət Cəbhəsi"nin siyasi büro üzvü höccətullah Mustafa Derayəti çıxışında ölkə rəhbərlərini yalançılıqda, riyakarlıqda və öz şəxsi maraqları üçün dindən sui-istifadədə günahlandırıb. "Media forum"un məlumatına görə, M.Derayəti deyib: "Öz işlərini yalan əsasında quranlar, xəyanəti özləri üçün peşə seçənlər hər gün dindarlıq iddiası edir və müsəlmançılığa etiqad etdiklərini gözə soxurlar. Hər şeyi özləri üçün istəyən iqtidarçılar islahatçıları xalqın içində nüfuzdan salmaq üçün yalandan dinsizlikdə və ölkəyə xəyanətdə günahlandırır".
Höccətullah həqiqi islamın zahirdə yox, batində olduğunu xüsusi vurğuayıb: "Əgər riyakarlıq və yalan danışmaq islamın zahiri nişanələrindəndirsə, o zaman biz bu islamı qəbul etmirik. Həqiqi islam zahirdə yox, batindədir".
M.Derayəti doqmatizmin dində təhriflərə gətirib çıxarmasından da narahat olduğunu dilə gətirib: "Doqmatizmin təhlükəsi yalnız elmiyyə hövzələrini təhdid etmir, onun bütün təsir və nişanələrini yüksək elm və təlim ocaqlarında da müşahidə etmək mümkündür".
"İslami İranın Müşarikət Cəbhəsi" islahatçı ruhanilərin cəmləşib fəaliyyət apardığı bir qurumdur.