(Mötə savaşının ildönümü münasibəti ilə)
Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında baş vermiş döyüşlər içində Mötə savaşı xüsusi yerə malikdir. Hicri 8-ci ilin cəmadiyül-əvvəl ayında (daha dəqiq desək, bu ayın ilk günündə) baş vermiş Mötə savaşı bəzi ibrətləri və özəllikləri ilə diqqəti çəkir.
Hicri 6-cı ilin sonlarında (miladi 628-ci il) Həzrət Mühəmməd Peyğəmbər (s) hərbi və siyasi sahədə yaranmış yaranmış sakitlikdən istifadə edərək, öz cahanşümul missiyasını bütün dünyaya elan etmək məqsədilə o dövrün ən güclü dövlət başçılarına məktub yazdı. Qısa mətnə malik olan bu məktublarda Peyğəmbər hökmdarları İslam dininə çağırır, onları Allahın mükafat və cəzalarından xəbərdar edirdi. Məktublardan biri də Şam torpaqlarında Bizansın vassalı kimi hökm sürən Qəssani hökmdarına ünvanlanmışdı. Amma o, Peyğəmbərin göndərdiyi elçiləri qətlə yetirdi və bununla da müsəlmanlara müharibə elan etmiş oldu. Buna cavab olaraq, İslam Peyğəmbəri 3 min nəfərlik qoşun toplayıb, əmisi oğlu Cəfər ibn Əbu Talibin sərkərdəliyi altında şimal istiqamətində yolladı. Peyğəmbərin tapşırığına görə, əgər döyüşdə Cəfər şəhid olsa, onun yerini Peyğəmbərin oğulluğu Zeyd ibn Harisə tutmalı idi. Zeyd şəhid olduğu halda qoşuna rəhbərlik Abdullah ibn Rəvahə adlı səhabəyə veriləcəkdi. Müsəlmanlar Abdullahı da itirsələr, sərkərdəni özləri seçməli idilər.
Hicri 8-ci il cəmadiyül-əvvəl ayının ilk günündə (miladi 629-cu il) Şam (Suriya) vilayətindəki Mötə adlı məntəqədə müsəlmanlar 200 min nəfərlik (bəzi mənbələrdə 100 min nəfər yazılıb) düşmən qoşunu ilə üzləşdilər. Qarşı tərəfdə həm Qəssani hökmdarının topladığı yerli qoşun, həm də Bizansdan gəlmiş köməkçi qüvvələr dururdu. Müsəlmanların bir hissəsi düşmənini sayından xəbər tutanda geri qayıtmağı təklif etdi. Amma Abdullah ibn Rəvahə onları döyüşə ruhlandıraraq söylədi: “Bizim itirdiyimiz heç nə yoxdur. Ya bu savaşda qalib gəlib qələbə sevincini dadacağıq, ya da məğlub olub şəhidlik şərəfini qazanacağıq. Məgər bura bu ikisini də nəzərə alıb gəlməmişikmi?”.
Döyüş başladı. Müsəlmanların sərkərdəsi Cəfər döyüş bayrağını əldə tutaraq şücaətlə savaşırdı. Onun sağ qolunu kəsdilər, Cəfər bayrağı sol əlinə aldı. Sol qolu da kəsiləndə bayrağı biləklərinin arasında sıxdı. Nəhayət, saysız-hesabsız yaralar içində şəhid oldu. Cəfərdən sonra Zeyd, ondan sonra Abdullah şəhid oldular. Bundan sonra müsəlmanlar mahir hərbçi kimi tanınan Xalid ibn Vəlidi özlərinə sərkərdə seçdilər. Xalid əsgərlərdə ruh düşkünlüyü yaranmasının qarşısını almaq üçün hərbi fənd işlətdi. O, əsgərlərin döyüş düzülüşündəki yerini tamamilə dəyişdirdi. Yəni cinahlarda və qoşunun mərkəzində qərar tutan döyüşçülər öz yerlərini bir-birinə verdilər. Xalid gecə qaranlığında bir dəstə döyüşçünün səssizcə düşərgədən uzaqlaşmasını, sonra isə “Allahü əkbər” sədaları altında düşərgəyə tərəf irəliləməsini əmr etdi.
Bizans qoşunu bu səs-küyü eşidib elə bildi ki, müsəlmanlara yardımçı qüvvələr gəlib. Səhər düşmən ordusunun hər bir bölməsi öz qarşısında tamam başqa müsəlman döyüşçülərini görəndə onların qorxusu daha da artdı. Bizanslılar döyüşdən imtina etdilər. Xalid ibn Vəlid müsəlman ordusunun qalıqlarını toplayıb geri döndü.
Beləliklə, Mötə savaşında müsəlmanlar az itki verməklə, özlərindən sayca 70 dəfə artıq olan düşmənin qarşısında layiqli müqavimət göstərə bildiklərini sübuta yetirdilər.
Mötə şəhidi Zeyd ibn Harisə Qurani-kərimdə adı çəkilən yeganə səhabədir. Cəfər ibn Əbu Talib isə şəhid olduqda sonra “təyyar” (uçan) ləqəbini qazandı. Peyğəmbər Cəfərin şəhadət xəbərini eşidəndə onun yetim qalmış övladlarını əzizlədi və müsəlmanlara tapşırdı ki, Cəfərin ailəsinə üç gün yemək versinlər. Sonra o həzrət, Cəfərin oğullarına atalarının vəfatı münasibətilə başsağlığı verib buyurdu: “Allah-təala Cəfərin kəsilmiş qollarının əvəzində ona iki qanad verdi; o, indi həmin qanadlarla behişt səmasında pərvaz edir”. Peyğəmbərin bu sözünə müvafiq olaraq, o gündən Cəfəri “təyyar” (uçan) ləqəbi ilə xatırlamağa başladılar.