Sünnəyə əsasən yeddi ən faydalı qida hansıdır?

İkinci hissə

(Əvvəli - http://az.islam.az/article/a-1060.html)

4. Bal

Bal həm şirin qida, həm də faydalı şirədir. Ondan həm təbii (çiy), həm də emal olunmuş formada qida kimi istifadə edirlər. Bəzi içkilərin və qənnadı məmulatlarının hazırlanmasında bal əvəzedilməz maddədir. Bundan əlavə, bal məhsullarından müalicə üsullarında da istifadə olunur.

Balın kimyəvi tərkibinə çoxlu faydalı elementlər və vitaminlər, o cümlədən, B vitamini daxildir. O, qaraciyərin və böyrəyin fəaliyyətini yaxşılaşdırır, qan dövranını qaydaya salır.

Böyük təbib Əbu Əli ibn Sina (Qərbdə Avisenna kimi tanınır) “Sirkə vı bal haqqında risalə” adlı əsərində balı uzunömürlülüyün əlacı adlandırmışdır. O, həzm sisteminin pozuntusu zamanı bal yeməyi, həmçinin, bəzi hallarda bədən üzvlrinə bal sürtməyi məsləhət görürdü. Bu təbii nemət soyuqdəymənin, boğazağrısı və öskürəyin müalicəsi üçün çox faydalıdır.

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: “Üç şeydə müalicə gücü var: bir qurtum balda, hicamədə (bədəndən qan aldırmaqda) və bədən üzvlərini yandırmaqda. Amma mən sonuncunu qadağan edirəm” (Səhihi-Buxari).

Başqa bir hədisdə oxuyuruq: “İki dərmana diqqət yetirin: Qurana və bala” (Sünəni-İbn Macə). Bu hədisdə Allahın Rəsulunun (s) Qurani-Kərimlə yanaşı balı da qeyd etməsi çox mətləblərdən xəbər verir.

Balın faydaları Qurani-Kərimdə də qeyd edilmişdir: “(O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!” (Nəhl, 69).

5. Nar

Nar hələ qədim zamanlarda ərəblər arasında müalicə vasitəsi kimi məşhur idi, onun qabığından yaraların sağaldılması, eləcə də, baş ağrısından xilas olmaq üçün istifadə edirdilər. Bu meyvənin tərkibində çoxlu mineral və vitaminlər, xüsusilə, C vitamini mövcuddur. C vitamini orqanizmin immunitetini artırmağa kömək edir.

Tuberkulyoz, dizenteriya, mədə pozuntuları, qan dövranı problemləri, ürək və qalxanabənzər vəzinin ağrıları zamanı nar yemək məsləhətdir. Narın tumları yüksək qan dövranını aşağı salmaq və hormonal pozuntuları aradan qaldırmaq üçün faydalıdır.

Aləmlərə rəhmət olan Həzrət Mühəmməd (s) möminləri nar yeməyə təşviq edirdi. O həzrət buyurmuşdur: “Narın içini yeyin, bu, mədəni təmizləməyin əlacıdır” (Müsnədi-İbn Hənbəl).

6. Heyva

Bu meyvə öz dadına görə almanı və armudu xatırladır. Onun tərkibində çoxlu miqdarda kalium, fosfor və kalsium elementləri mövcuddur. Heyva beyni gücləndirir, əzələlərin və sinir sisteminin işini yaxşılaşdırır, sümüyü möhkəmlədir və dərini təravətli edir. Bir ədəd heyva gün ərzində orqanizmin qəbul etməli olduğu miqdarda mis və dəmir elementlərini özündə daşıyır.

Əbuzərin Peyğəmbərdən (s) rəvayət etdiyi hədisdə heyvanın faydalı xüsusiyyətləri bu şəkildə təsvir edilir: “Bir gün Rəsulullahın yanına gəldim, onu digər səhabələrin əhatəsində gördüm. O həzrət əlində heyva tutmuşdu. Peyğəmbər heyvanı mənə tərəf uzadaraq buyurdu: “Ey Əbuzər, bu heyva sənin üçündür. Bu, ürəyin işini yaxşılaşdırır, tənəffüsü qaydaya salır, sinədəki ağırlığı aradan qaldırır” (Sünəni-Nəsai).

7. Qarpız və yemiş

İsti havalarda əksər insanların sevimli qidası şirin qarpız və yemişdir. Hər iki meyvənin tərkibində hamilə qadınlara çox tövsiyə edilən folat adlı maddə vardır. Folat yeni doğulmuş körpələrdə anadangəlmə qüsurların olma riskini azaldır və ürək-damar xəstəliklərini sağaldır.

Həzrət Mühəmməd Peyğəmbər (s) qarpız və yemişi xurma ilə birlikdə yeməyi xoşlayırdı. Bunu Əbubəkrin qızı Aişədən rəvayədən olunmuş aşağıdakı hədis sübut edir: “Peyğəmbər qarpızla yemişi xurma ilə birlikdə yeyir və səbəbini belə izah edirdi: “Biz bu meyvələrin birinin quruluğunu o birinin nəmliyi ilə, birinin soyuğunu o birinin hərarəti ilə tənzimləyirik” (Sünəni-Tirmizi, Sünəni-Əbu Davud).


Yerləşdirilib:25 Sentyabr, 2019, Baxılıb:2487, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2023 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com