Ulduzlar əsasında Amerika qitəsinə yolu göstərmiş müsəlman alim

Birinci hissə

Orta əsrlərdə astronomiya elə elm sahələrindən sayılırdı ki, müsəlman alimlər bu sahədə avropalıları xeyli qabaqlamışdılar. Həmin dövrə kimi yunan, süryani, sanskrit dillərindən ərəbcəyə tərcümə edilmiş astronomiya kitablarının sayını söyləmək çətindir. Yunanıstan və Hindistanda, İran və Babildə yaşamış həmkarlarının təcrübəsini mükəmməl şəkildə öyrənmiş müsəlman alimlər onları xeyli ötüb irəli keçməyə nail oldular. Bu inkişafın bariz nümunələrindən biri də görkəmli alim əl-Fərqanidir.

Astronomiya müsəlmanlar üçün niyə bu qədər əhəmiyyətli idi?

İslam dünyasında astronomiya praktiki əhəmiyyət daşıyan fənn sayılırdı. Bu elm səhrada və dənizdə hərəkət edən tacirlərin və səyyahların köməyinə çatırdı. Bundan əlavə, astronomiya bayram günlərinin düzgün təyin edilməsinə, namaz zamanı müsəlmanların yönəldiyi qiblə istiqamətinin dəqiq bilinməsinə şərait yaradırdı. Məsələn, müsəlmanlar Afrikanın ucqar guşəsində yerləşən Mali ölkəsinə necə çatmağı riyaziyyat və astronomiya elmlərinin sintezi nəticəsində öyrənə bilmişdilər.

Ərəblər astoronomik cədvəllərin – Günəş, Ay, planet və ulduz kataloqlarının tərtib edilməsinə xüsusi diqqət yetirirdilər. Bu cədvəl və kataloqlar “zic” adlanırdı, onların vasitəsilə planet və ulduzların hərəkət trayektoriyasını, Günəş və Ay tutulmalarının vaxtını öyrənmək mümkün idi.

Abbasilər xilafətinin paytaxtı olan Bağdad şəhəri IX əsrdən başlayaraq bir neçə əsr boyunca böyük elm mərkəzlərindən sayılırdı. Xalifə Məmun burada şərqin elmlər akademiyası adlana biləcək Darül-hikməni (Hikmət evini) təsis etmişdi. Nəhəng xilafətin hər guşəsindən o dövrün ən böyük alimləri bu mərkəzə dəvət edilmişdilər. Belə ki, Darül-hikmədə riyaziyyatçı-astronom Xarəzmi, fizik Əbu Yusif ibn İshaq Kindi, həkimlər Hüneyn ibn İshaq və Razi çiyin-çiyinə fəaliyyət göstərirdilər.

Darül-hikmədə astronomik tədqiqatlar daha geniş şəkildə aparılırdı. Bağdadda o zaman üçün ən üstün sayılan astronomik cihazlarla təchiz edilmiş iki rəsədxana açılmışdı. Məmunun himayəsi altında işləyən alimlər Yer kürəsinin diametrini, yer meridianının dərəcələrlə ölçüsünü hesablayır, ulduzlu səmanı müşahidə edir, qiymətli elmi əsərlər qələmə alırdılar. Darül-hikmədə Yəhya ibn Mənsur, Səid ibn Əli, Xalid ibn Əbdülməlik (Melverode), Həbəş əl-Hasib Mərvəzi, Abbas ibn Səid Covhəri kimi məşhur astoronomlar çalışırdılar. Bu alimlərin cərgəsində Əhməd əl-Fərqaninin də adı var idi.

əl-Fərqaninin elmi fəaliyyəti

Dahi astronom, riyaziyyatçı və coğrafoyaşünas Əbül-Abbas Əhməd ibn Mühəmməd ibn Kəsir əl-Fərqani Avropada “Alfraqanus”, Şərqdə isə “Hasib” (hesabatçı) adı ilə tanınır. Onun həyatı haqqında bioqrafik məlumatlar azdır. Alimin təvəllüd və ölüm tarixləri təxmini olaraq 798-861-ci illər qəbul edilib. Adının sonundakı əl-Fərqani nisbəsindən məlum olur ki, alim müasir Özbəkistan ərazisində yerləşən Fərqanə vadisində doğulmuşdur.

Əl-Fərqani orta yaşlarından etibarən Bağdada yaşamağa və Darül-hikmədə çalışmağa başlamışdır. IX əsrin ortalarında o, Qahirəyə köçmüş və burada dünyasını dəyişmişdir. “Cəvami elm əl-nücum və-l-hərəkat əl-səmaviyyə” (Ulduzlar haqqında elmin və səma hərəkətlərinin məcmusu), “Kitab fi-l-üsul elm əl-nücum” (Astronomiya elminin əsasları barədə kitab), “Hesab əl-əqalim əl-səbə” (Yeddi iqlimin hesablanması), “Kitab əl-əməl bi-l-usturlab” (Astrolyobiya cihazı ilə davranmaq kitabı) və digər dəyərli əsərlər onun qələminin məhsuludur. Bu traktatlar astronomiya üzrə ilk ərəbdilli mətnlərdən sayılır.

Əl-Fərqani “Ulduzlar haqqında elmin və səma hərəkətlərinin məcmusu” adlı kitabında antik dövrdə yaşamış isgəndəriyyəli Klavdiy Ptolemeyin “Almagest” əsərinin əsasında astronomiya elminin qısa izahını vermişdir. Öz əsərini dərs vəsaiti kimi görmək istəyən müəllif astoronomiyanı müstəqil elm kimi təqdim edir və bütün mühüm suallara aydınlıq gətirməyə çalışır. Bundan əlavə, böyük alim öz sələfinin (Ptolemeyin) gəldiyi nəticələri yoxlamış, bundan əvvəl mövcud olmüş bəzi yanlış məlumatları islah etmişdir. Əl-Fərqani öz əsərinin tələbələr tərəfindən dərslik kimi istifadə olunmasını istəyirdi, buna görə də astronomiya elminin əsaslarını aydın və qavranıla bilən tərzdə izah etmişdir.

(ardı var)


Yerləşdirilib:8 Sentyabr, 2019, Baxılıb:1886, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2023 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com